BAKI, 5 oktyabr. TELEQRAF

Sabahdan etibarən Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır.

Bu barədə Teleqraf-a İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) məlumat verilib.

Bildirilib ki, son dövrlər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur:

“Elektron ipoteka və kredit zəmanət” sistemi (elektron sistem) üzərindən hər gün 100-dən artıq müraciət qeydə alınır. Nəticədə, elektron sistemdə qeydiyyata alınmış və görüş vaxtı təyin edilmiş müraciətlərin sayı mənzil fondunda seçim üçün mövcud olan (yenilənən kirayə mənzil fondu) yaşayış sahələrinin sayını dəfələrlə üstələyir.

Mexanizm üzrə artan müraciətlərin daha operativ qəbulu, daha şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə seçim imkanının yaradılması, eləcə də elektron sistemin funksionallığının artırılması məqsədilə oktyabrın 6-dan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır. Müraciətlərin qəbulunun bərpa edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək" - deyə qurumun məlumatında qeyd edilib.

Fonddan bildirilib ki, müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə həyata keçirilən prosedurlara təsir etməyəcək.

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq üçün indiyədək müraciət etmiş 12 mindən artıq vətəndaşın şəxsi kabinetinə görüş günü barədə bildirişlər göndərilib və həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə yaxınlaşıb müraciətlərini rəsmiləşdirə biləcəklər.

Qeyd edək ki, 2020-2026-cı illər ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.