BAKI, 16 sentyabr. TELEQRAF

"Moon Kids" uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edib, təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Havvaxanım Rüstəmovanın vəkili çıxışında müvəkkilinə bəraət istəyib.

Daha sonra hakimlər heyəti hökmü elan edib. Havvaxanım Rüstəmova 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, "Moon Kids" uşaq bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı dələduzluq əməlində ittiham edilir. O, xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur.

Havvaxanım Rüstəmova Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işi üzrə 133 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlər arasında Dövlət Sosial Müdafiə Fondu da var.

Havvaxanım Rüstəmovanın işi üzrə zərərçəkmiş şəxslərə 428 min 375 manat ziyan vurub.Qeyd edək ki, Hıvvaxanım Rüstəmova işçilərin sığorta ödənişindən yayınıb və bununla da o, Dövlət Sosial Fonduna 37 min manat ziyan vurub.

Ümumilikdə iş üzrə ziyan 465 min manat ziyan var. Amma Həvvaxanım Rüstəmova həmin ziyanın böyük bir hissəsini ödəyib. Məhz bu səbəbdən o, azadlığa buraxılıb. Hazırda cəmi 43 min manat ödənilməmiş ziyan qalıb.

Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.