BAKI, 16 sentyabr. TELEQRAF

“Prezident İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşdə çıxışı əhatə etdiyi mövzuların genişliyi ilə yanaşı, onların vahid siyasi məntiq ətrafında birləşməsi baxımından xüsusi diqqət çəkdi. Azərbaycan xalqının zəngin mədəni irsi, Türk dünyası və Qafqaz birliyi, İslam həmrəyliyi, Qarabağın işğalı və azad edilməsi, beynəlxalq təşkilatların ikili standartları, Zəfər, Böyük Qayıdış və nəhayət, sülh prosesi – bütün bunlar əslində bir-birindən ayrı mövzular deyil. Prezidentin çıxışında onlar Azərbaycanın keçdiyi tarixi yolun və bu gün formalaşdırdığı yeni siyasi reallığın ayrı-ayrı elementləri kimi təqdim edildi”.

Bu fikirləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, dövlət başçısının çıxışının Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən başlaması da təsadüfi deyildi. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi dahilələrə müraciət etməklə Prezident Azərbaycanın yalnız müasir geosiyasi proseslərin iştirakçısı deyil, əsrlər boyu böyük mədəni və intellektual məkan formalaşdırmış bir ölkə olduğunu vurğuladı. Bu yanaşmanın mühüm siyasi tərəfi də var: güclü dövlətçilik yalnız hərbi və iqtisadi potensialla deyil, tarixi yaddaş, milli kimlik və mənəvi irslə möhkəmlənir. Azərbaycanın özünəməxsusluğu həm də onun bir neçə böyük siyasi-mədəni coğrafiyanın kəsişməsində deyil, məhz onların daxilində yerləşməsidir. Azərbaycan Türk dünyasının ayrılmaz hissəsidir, eyni zamanda Qafqaz dövlətidir və İslam sivilizasiyasının mühüm mərkəzlərindən biridir. Cənab Prezidentin Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi olduğunu xüsusi vurğulaması bu mənada mühüm geosiyasi məna daşıyır. Azərbaycan Türk dünyası ilə Qafqaz arasında sadəcə coğrafi körpü rolunu oynamır, hər iki məkanda siyasi sabitlik və əməkdaşlıq üçün real əlaqələndirici imkanlara malikdir. Məhz buna görə Prezidentin Türk dünyası, Qafqaz və İslam aləminin birliyinə çağırışı deklarativ xarakter daşımır.


Millət vəkilinin sözlərinə görə, son illərdə beynəlxalq münasibətlər sistemində qarşıdurmaların dərinləşməsi, güc amilinin yenidən ön plana çıxması, dini və milli zəmində ayrı-seçkilik hallarının artması göstərir ki, ortaq maraqları olan dövlətlərin koordinasiyası artıq yalnız mədəni yaxınlıq məsələsi deyil, strateji zərurətdir: “Bu kontekstdə İslam həmrəyliyi mövzusu da çıxışın əsas istiqamətlərindən biri oldu. Azərbaycan uzun illərdir İslam həmrəyliyini yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret təşəbbüslər vasitəsilə təşviq edir. İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində keçirilən tədbirlər, 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları bunun nümunələridir. Həmin Oyunlara sadəcə idman yarışı deyil, İslam dünyasının birlik bayramı kimi yanaşılmışdı. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsinin planlaşdırılması isə Azərbaycanın müsəlman aləmində artan siyasi çəkisinin və birləşdirici rolunun daha bir göstəricisidir. Lakin İslam həmrəyliyi məsələsi Azərbaycan üçün yalnız bugünkü qlobal proseslərlə bağlı deyil. Qarabağda 30 illik işğal dövründə baş verənlər bu mövzuya əlavə tarixi və mənəvi məzmun verir”.

Sevinc Fətəliyevanın fikrincə, işğaldan azad edilmiş ərazilərdə üzə çıxan mənzərə göstərdi ki, söhbət təkcə ərazi işğalından getmirdi: "Şəhər və kəndlərin dağıdılması, tarixi və mədəni irsin məhv edilməsi, Xocalı soyqırımı, yüz minlərlə insanın doğma torpaqlarından didərgin salınması Azərbaycanın kollektiv yaddaşında silinməsi mümkün olmayan izlər buraxıb. Prezident çıxışında Ermənistan dövləti tərəfindən 65 məscidin tam dağıdıldığını xüsusi qeyd etdi və məscidlərin təhqir olunmasını yalnız Azərbaycan xalqına deyil, bütün İslam dünyasına qarşı hörmətsizlik kimi qiymətləndirdi. “Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq” fikri də əslində çıxışın ən mühüm siyasi mesajlarından biridir. Burada söhbət revanşizmdən deyil, tarixi yaddaşdan gedir. Çünki Azərbaycan eyni zamanda sülh prosesini dəstəklədiyini açıq şəkildə bəyan edir. Azərbaycanla Ermənistan arasında sülh prosesi gedir və Azərbaycan uzunmüddətli sülhdə maraqlıdır. Əksinə, tarixi yaddaş gələcəkdə eyni səhvlərin təkrarlanmaması üçün siyasi immunitet rolunu oynamalıdır. Bu tezis Prezidentin beynəlxalq təşkilatlara və bəzi Qərb institutlarına ünvanladığı sərt tənqidlə də birbaşa bağlıdır.

“Azərbaycanın 30 illik işğal təcrübəsi beynəlxalq hüquqla onun tətbiqi arasındakı böyük fərqi nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmasını tələb edən qətnamələri vardı, lakin onların icrası təmin edilmədi. ATƏT-in vasitəçiliyi nəticə vermədi. Avropa Şurası işğala adekvat siyasi qiymət vermədi, Avropa Parlamenti isə uzun illər ərzində Ermənistana siyasi dəstək nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan öz suverenliyini tam bərpa etdikdən cəmi bir neçə ay sonra — 2023-cü ilin sentyabrından sonra — Avropa Şurası çərçivəsində Bakıya qarşı addımlar atıldı. Bu ardıcıllıq — işğala görə sanksiya yoxluğu, azadlıqdan sonra isə təzyiqin güclənməsi — Prezidentin gündəmə gətirdiyi ikili standart məsələsinin ən bariz təzahürüdür. Dövlət başçısı Avropa Parlamentini sərt tənqid edərək onu “rüşvətxorlar yuvası” adlandırdı və bu qurumdakı islamofob meyillərə diqqət çəkdi”, - deputat əlavə edib.

Onun sözlərinə görə, burada Azərbaycanın mövqeyinin mahiyyəti Qərblə qarşıdurma yaratmaq deyil: "Məsələ beynəlxalq münasibətlər sistemində eyni hüquqi və siyasi meyarların hamıya bərabər tətbiq olunması tələbidir. Azərbaycan 30 il beynəlxalq hüquqa, danışıqlara və vasitəçilərə ümid etdi. Lakin işğalın aradan qaldırılması nə BMT qətnamələrinin icrası, nə ATƏT-in vasitəçiliyi, nə də xarici siyasi təzyiq nəticəsində baş verdi. Azərbaycan bunu öz gücü ilə etdi. Bu, bugünkü çıxışın Zəfərlə bağlı hissəsinin əsas siyasi mahiyyətidir.


Cənab Prezidentin “Azərbaycan xalqı dünyada bir presedent yaratdı” fikri də təsadüfi ifadə deyil. XX və XXI əsrlərin beynəlxalq münasibətlər praktikasında uzun müddət işğal altında saxlanılmış ərazilərin bir dövlətin öz imkanları hesabına azad edilməsi həqiqətən nadir hadisədir. Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, suverenliyini tam bərpa etdi, separatizmə son qoydu və onilliklər boyu mövcud olmuş qeyri-qanuni rejimi ləğv etdi. Separatçı liderlərin və hərbi cinayətlərdə ittiham olunan şəxslərin Azərbaycan qanunları qarşısında cavab verməsi də ədalətin bərpasının tərkib hissəsidir. Bununla da Azərbaycan beynəlxalq münasibətlərdə vacib bir siyasi nəticə ortaya qoydu: beynəlxalq hüquq yalnız qətnamələr və bəyanatlar şəklində qaldıqda kifayət etmir. Onun təminatı üçün dövlətin siyasi iradəsi, milli birlik və öz hüquqlarını müdafiə edə biləcək real gücü olmalıdır”.

Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin “Kim güclüdür, o da haqlıdır” prinsipini Azərbaycanın yaratmadığını, lakin mövcud dünya reallıqları ilə hesablaşmalı olduğunu bildirməsi də bu baxımdan diqqətəlayiqdir: "Bu, beynəlxalq hüquqdan imtina çağırışı deyil. Əksinə, beynəlxalq hüququn selektiv tətbiq olunduğu şəraitdə dövlətin öz suverenliyini qorumaq imkanına malik olmasının həyati əhəmiyyət daşıdığını göstərən nəticədir. Azərbaycanın gələcək təhlükəsizliyinin təminatı da ilk növbədə xalqın iradəsi, siyasi qətiyyət, hərbi güc, milli birlik və dəyərlərdir. Lakin Zəfərin əsl məzmunu yalnız hərbi nəticə ilə məhdudlaşmır. Qarabağda gedən bərpa və Böyük Qayıdış prosesi hərbi-siyasi qələbəni uzunmüddətli dövlətçilik layihəsinə çevirir. İşğal dövründə dağıdılmış ərazilərdə yeni şəhərlər, kəndlər, yollar, məktəblər, sosial və dini obyektlər yaradılır. Qarabağ və Şərqi Zəngəzurda həyat sürətlə bərpa olunur, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar. Azad edilmiş ərazilərdə məscidlərin bərpası, Ağdam məscidinin müharibədən sonra ilk bərpa edilən obyektlərdən biri olması da, dövlət siyasətində maddi quruculuqla mənəvi və tarixi irsin bərpasının paralel aparıldığını göstərir".

“Beləliklə, Qarabağda iki proses eyni vaxtda gedir: dağıntıların nəticələri aradan qaldırılır və yeni həyat qurulur. Bir tərəfdə işğal dövrünün izləri, digər tərəfdə isə müasir şəhərlər, kəndlər və geri qayıdan insanlar var. Bu kontrast həm 30 ilin nəticəsini, həm də son illərdə Azərbaycanın hansı miqyasda iş gördüyünü nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışını bütövlükdə təhlil etdikdə Azərbaycanın yeni mərhələdə siyasi fəlsəfəsinin üç əsas dayağı aydın görünür: birlik, güc və yaddaş. Türk dünyası, Qafqaz və İslam aləmi ilə həmrəylik Azərbaycanın xarici siyasətdə daha geniş əməkdaşlıq platformaları yaratmaq niyyətini ifadə edir. Güc faktoru dövlətin suverenliyini və milli maraqlarını qorumaq qabiliyyətidir. Tarixi yaddaş isə gələcək siyasətdə əvvəlki yanlış ümidlərə və ikili standartlara qarşı təminat rolunu oynayır. Bu üç prinsip sülhlə ziddiyyət təşkil etmir. Əksinə, Azərbaycanın təqdim etdiyi yanaşmaya görə, dayanıqlı sülh yalnız suverenliyə qarşılıqlı hörmət, real güc balansı, ədalət və tarixi həqiqətlərin qəbul edilməsi üzərində qurula bilər”, - deyən deputatın sözlərinə görə, Azərbaycan Ermənistanla sülh istəyir və regionda müharibə səhifəsinin bağlanmasında maraqlıdır. Lakin bu, Xocalının, dağıdılmış şəhərlərin, məscidlərin, məcburi köçkünlüyün və 30 il davam etmiş ədalətsizliyin unudulması demək deyil. Sülh keçmişin silinməsi deyil, keçmişdən nəticə çıxararaq yeni gələcəyin qurulmasıdır.

“Məhz buna görə cənab Prezidentin çıxışının əsas mesajını belə ifadə etmək olar: Azərbaycan artıq öz taleyinin başqalarının qərarından asılı olduğu dövlət deyil. O, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağı yenidən qurur, regional və daha geniş coğrafiyada birlik təşəbbüsləri irəli sürür və sülh gündəliyini də öz milli maraqları və tarixi yaddaşı əsasında formalaşdırır. 30 il gözləyən Azərbaycan bu gün özü reallıq yaradan dövlətdir. Zəfərin strateji mənası da məhz bundadır”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.