BAKI, 16 sentyabr. TELEQRAF

“Konstitusiya, seçki qanunvericiliyi və təhlükəsizlik vəziyyəti müharibə şəraitində Ukraynada seçkilərin keçirilməsinə imkan vermir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində deyib.

“Hətta sabah seçki keçirməyə hazıram, amma müharibə davam edirsə, bunu nə Konstitusiyaya, nə seçki qanunvericiliyinə, nə də təhlükəsizlik vəziyyətinə uyğun olaraq edə bilərsiniz. Uşaqlar məktəbə gedə bilmirsə, insanlar necə səs verəcəklər? 9 milyon insan ölkə xaricdədirsə, necə seçki keçirmək olar? Adətən xaricdə təxminən yarım milyon insan səs verir. Bəs müvəqqəti işğal olunmuş ərazilərdə yaşayan insanlar necə olacaq? Onlar səs verə biləcəklərmi? Necə səs verəcəklər və orada səsvermə prosesinə kim nəzarət edəcək? Orada Rusiya əsgərləri var”, - dövlət başçısı bildirib.

Volodimir Zelenskinin fikrincə, hazırda ölkədə seçkilərin keçirilməsinin tərəfdarı olanlar siyasətdə olmaq istəyənlərdir:

“Mən bunu yanlış hesab edirəm. Müharibə zamanı sülh bir nömrəli məqsəddir. Siyasət isə heç ikinci yerdə də deyil. Hətta siyasətçilər üçün siyasət onuncu yerdədir, sıravi insanlar üçün isə yüzüncü yerdə. İnsanların başqa prioritetləri var: necə sağ qalmaq, necə yaşamaq, məktəbə necə getmək. Bütün bunlarla necə olacaq?”.