BAKI, 10 avqust. TELEQRAF

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi “İxrac icmalı” jurnalının 2026-cı ilin avqust sayına dair ilkin göstəricilərində qeyd edilib.

Məlumata görə, cari ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq iplik 81,9%, bitki və heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz 16,4%,spirtli və spirtsiz içkilər isə 3,0% artıb.

2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac 22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub.