BAKI, 10 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Şərti qəza baş vermiş binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişin xilas edilməsi qaydalarının öyrədilməsi və təxliyənin təşkili” mövzusunda təlim keçirib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimə FHN-in Muğan Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və həyata keçirilməsi qaydaları, o cümlədən əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, kəşfiyyatın aparılması, çoxmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş “çoxmərtəbəli bina”da əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” təxliyə edib, onlara “ilkin yardım göstərilib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqlar uğurla icra edilib.

Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.