BAKI, 10 avqust. TELEQRAF

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə texnologiyaları sahəsində səylərini birləşdirəcək, hərbi təcrübə mübadiləsi aparacaq və birgə hərbi təlimlər keçirəcək. Bu, Türkiyə parlamentinin payız sessiyasında ratifikasiya edilməsindən sonra qüvvəyə minəcək Məkkə sazişində nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, üç ölkə arasında birgə uzunmüddətli hərbi əməkdaşlığın təməlini qoyacaq ilk addım hərbi personalın mübadiləsi olacaq. Birgə təlimlərin keçirilməsi isə potensial böhran hallarında üç ölkənin silahlı qüvvələrinin operativ uyğunluğunun artırılmasına kömək edəcək.

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq etməyi, bu məqsədlə istehsal, texnoloji-elmi-tədqiqat imkanlarından istifadə etməyi planlaşdırır.

“Türkiye” qeyd edib ki, sazişin çəkindirici potensialı onun çərçivəsində yaradılacaq erkən xəbərdarlıq mexanizmini gücləndirəcək.

Məkkə paktını avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif imzalayıb. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün saziş iştirakçılarına qarşı təcavüz kimi qiymətləndiriləcək.