BAKI, 10 avqust. TELEQRAF
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi ilə görüşdə iki ölkə arasında gələcəkdə iqtisadi forumun keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Teleqraf AZPROMO-ya istinadən xəbər verir ki, görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib.
Səfir Berlian Helmi Azərbaycanla İndoneziya arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə eyni zamanda İndoneziya və Azərbaycan arasında mümkün əməkdaşlıq istiqamətləri və ixrac potensialına malik məhsullar müzakirə edilib. Tərəflər tikinti, kənd təsərrüfatı, turizm, əczaçılıq, qida və içki sənayesi sahələrində potensial tərəfdaşlıq imkanlarını nəzərdən keçiriblər.