BAKI, 7 avqust. TELEQRAF

Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “I Squared Capital” (“I Squared”) ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya edib.

Fonddan Teleqraf-a verilən məlumata görə, 2026-cı ilin fevralında Kanadanın pensiya fondu olan “Canada Pension Plan Investment Board” (“CPPIB”) “Inkia Energy” şirkətinin 50 faiz payını “I Squared”-dən əldə edib. Qalan 50 faiz pay isə ARDNF-nin də iştirak etdiyi və “I Squared” tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə satın alınıb.

“Inkia Energy” hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 faizini təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib.

ARDNF-dən bildirilib ki, "Inkia Energy" Perunun enerji sektorunun aparıcı iştirakçılarından biri olmaqla yüksək əməliyyat göstəricilərinə malikdir. Sözügedən investisiya ARDNF-nin uzunmüddətli investisiya strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir və güclü fundamental göstəricilərə, eləcə də əlverişli risk-gəlirlilik profilinə malik elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlər üzrə investisiya portfelini gücləndirir.