BAKI, 10 avqust. TELEQRAF
Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin həyata keçirilən və planlaşdırılan bir sıra layihələr müzakirə olunub.
Görüş zamanı “Universal International Holdings Limited” şirkətinin Qobustan rayonunda inşa etdiyi 100 MVt gücündə günəş elektrik stansiyası layihəsinin ölkəmizin bərpa olunan enerji potensialından səmərəli istifadəyə və enerji keçidi üzrə qarşıya qoyulan hədəflərə çatılmasına töhfə verəcəyi bildirilib.
Eyni zamanda, ÇXR-in Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) tərəfindən aparılan ölkəmizdə elektrik enerjisi şəbəkəsinin tədqiqatına da toxunulub. Tədqiqatın nəticələrinin Azərbaycanın enerji sektorunun gələcək inkişafı baxımından mühüm rol oynayacağı qeyd edilib.
Bununla yanaşı, Çində keçiriləcək “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq da nəzərdən keçirilib, Azərbaycan-Çin enerji tərəfdaşlığının inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
*** 13:22
Azərbaycan və Çin arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.
"Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığı müzakirə etdik. Azərbaycanın yerli və beynəlxalq təşəbbüslərində, o cümlədən yaşıl enerji ilə bağlı layihələrdə Çin şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi apardıq," - deyə nazir bildirib.