BAKI, 10 avqust. TELEQRAF
Qazaxıstanda vahid milli elektron kitabxana yaradılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin rəsmi nümayəndəsi Almaz Mırzaxmet bildirib.
Nazirlik rəsmisi Qazaxıstan dövlət başçısının “Mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və intellektual xalqın formalaşdırılması tədbirləri haqqında” Fərmanını xatırladıb:
“Bu fərmanın əsas məqsədlərindən biri vahid milli elektron platforma yaratmaqdır. Qazaxıstandakı bütün kitabxana sistemlərini birləşdirəcək elektron kitabxana yaradılacaq. Onun vahid oxucu kartı, vahid kataloqu olacaq. Bunun sayəsində onlayn sistemdə istənilən bölgənin kitabxanasında hansı kitabların neçə nüsxəsinin olduğunu və oxucuların onları neçə dəfə götürdüyünü və sair öyrənmək mümkün olacaq.
Müəlliflərə kitablarını elektron kitabxanaya təqdim etmək imkanı da veriləcək. Layihə hazırlanıb və icra mexanizmləri hökumətə təqdim edilib”.