BAKI, 10 avqust. TELEQRAF
Qırğızıstan xarici vətəndaşların surroqatlıq xidmətlərindən istifadəsini məhdudlaşdırmağı təklif edir. Müvafiq qanun layihəsi ictimai müzakirəyə təqdim olunub.
Teleqraf xəbər verir ki, təşəbbüs müəllifləri “Vətəndaşların sağlamlığının qorunması haqqında” Qanunun 104-cü maddəsinə dəyişiklik edilməsini təklif edirlər.
Layihəyə əsasən, ölkə daxilində surroqatlıq müqavilələri yalnız Qırğızıstan Respublikasının vətəndaşları üçün əlçatan olacaq. Amma istisna da var: rəsmi olaraq əcnəbi ilə evli olan Qırğızıstan vətəndaşı surroqat analıq xidmətindən istifadə edə biləcək.
Hazırda qanunvericilik notariat qaydada təsdiqlənmiş müqavilə əsasında tibbi səbəblərdən vətəndaşlara surroqat analıq etməyə icazə verir və əcnəbilərə qarşı belə bir məhdudiyyət qoymur.
Təsdiqləyici sənəddə müəlliflər dəyişikliklərin qadın və uşaqların hüquqlarını qorumaq, eləcə də xarici vətəndaşlar tərəfindən surroqat analığın kommersiya məqsədli istifadəsini məhdudlaşdırmaq üçün zəruri olduğunu bildirirlər.