BAKI, 7 avqust. TELEQRAF

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Taxıl Qiymətləri İndeksi iyulda orta hesabla 113,8 bənd təşkil edib.

Teleqraf təşkilata istinadən xəbər verir ki, bu göstərici iyun ilə müqayisədə 3,8 bənd və ya 3,4%, 2025-ci ilin iyulu ilə müqayisədə isə 7,3 bənd və ya 6,9% çoxdur.

Buğdanın qiyməti aylıq müqayisədə 5,8% artaraq ötən ilin eyni dövründə qeydə alınan göstəricini 9,9% üstələyib. Artıma Qara dəniz regionundan ixracla bağlı davam edən fasilələrə dair narahatlıqlar, ixrac infrastrukturuna dəyən ziyan, eləcə də əsas istehsalçı ölkələrdə baş verən son istilik dalğalarının məhsuldarlığa mənfi təsiri səbəb olub.

Dünya bazarında qarğıdalının qiyməti də iyun ilə müqayisədə 3,6% yüksəlib. Sorqonun qiyməti ABŞ-də qarğıdalının bahalaşmasına paralel olaraq cüzi yüksəlib. Arpanın qiyməti 1,9% azalıb.

FAO-nun Bütün Düyü Növləri üzrə Qiymət İndeksi isə 2026-cı ilin iyulunda ümumilikdə sabit qalıb. Belə ki, “Indica” növlü düyünün qiymətində qeydə alınan cüzi artım beynəlxalq ticarət olunan digər əsas düyü növlərinə tələbatın zəifləməsi nəticəsində baş verən qiymət enişi ilə tarazlaşıb.