BAKI, 7 avqust. TELEQRAF

Türkiyə "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun istismara verilməsindən sonra digər blokları bir il intervalla istifadəyə verməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “A Haber” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ilin sonuna qədər "Akkuyu" AES-in birinci enerji blokunda elektrik enerjisi istehsalına başlanılması planlaşdırılır.

"Birinci reaktor istifadəyə verildikdən sonra AES-in digər enerji bloklarının istismara verilməsi nəzərdə tutulur", – deyə Bayraktar bildirib.

O qeyd edib ki, hazırda birinci reaktorun işə salınması istiqamətində işlər tam sürətlə davam etdirilir.

Qeyd edək ki, "Akkuyu" AES Türkiyənin ilk atom elektrik stansiyasıdır və Rusiyanın "Rosatom" Dövlət Korporasiyası tərəfindən inşa edilir. Layihə üzrə Rusiya istehsalı olan III+ nəsil VVER reaktorları ilə təchiz ediləcək dörd enerji blokunun tikintisi nəzərdə tutulur. Hər bir blokun gücü 1 200 MVt olacaq.