BAKI, 10 avqust. TELEQRAF
Türkiyə Nəqliyyat Nazirliyi ölkənin ticarət gəmilərinə qarşı hücumların artması fonunda Qara dənizdə təhlükəsizlik vəziyyəti ilə bağlı gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ankara hesab edir ki, ölkənin suveren dəniz ərazilərindən kənara səyahət edənlər mümkün riskləri nəzərə alırlar. Qeyd edilib ki, Türkiyənin öz ərazi sularından kənarda baş verən insidentlərə müdaxiləsi Ankaranın müharibə tərəflərindən (Rusiya və Ukrayna – red.) birinə dəstək verməsi kimi qiymətləndirilə bilər.
Türkiyə artan hücumlar fonunda Qara dənizdə ticarət gəmilərinə məhdudiyyətlər tətbiq etməyə başlayıb. Məlumatına görə, təxminən 10 gəmiyə İstanbul boğazlarından keçmək üçün icazə verilməyib. Oxşar praktikanın Mərmərə və Qara dəniz limanlarında da tətbiq olunacağı gözlənilir. Məlumat rəsmi olaraq təsdiqlənməyib.
Türkiyə xarici işlər naziri Hakan Fidan avqustun 8-də bəyan etmişdi ki, Ankara Qara dənizdəki durumu diqqətlə izləyir və Rusiya-Ukrayna müharibəsinin tərəflərinə su hövzəsindəki vəziyyət kontekstində hərbi əməliyyatlara moratorium tətbiq edilməsini təklif edib.