BAKI, 10 avqust. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın "Şturm Qraz" komandası ilə cavab oyununa ciddi itkilərlə çıxacaq.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisinin Entoni Musaba və qapıçı Ederson qarşılaşmada iştirak edə bilməyəcək. Musaba ağrıları, Ederson isə virus infeksiyası səbəbindən komandanın təlim-məşq toplanışında yer almayacaq.

Klub futbolçuların sağlamlıq vəziyyətinin tibbi heyət tərəfindən yaxından izlənildiyini açıqlayıb.

Ceyden Ostervolde də "Şturm Qraz"la cavab görüşündə meydana çıxa bilməyəcək. Niderlandlı müdafiəçi "Şturm Qraz"la ilk qarşılaşmada zədələnib. Müayinədən sonra onun arxa bud əzələsinin vətərində qismən yırtıq aşkarlanıb. Futbolçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbağça" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Şturm Qraz"a 2:0 hesabı ilə qalib gəlib.