BAKI, 10 avqust. TELEQRAF
“Hörmüz boğazının açılması ABŞ-nin İrana qarşı dəniz blokadasının ləğv edilməsi şərtinə bağlıdır”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Hörmüz boğazının açılması ABŞ-nin qanunsuz və dağıdıcı addımlarını dayandırmasından və onların nəticələrinin aradan qaldırılmasından asılıdır”, - o əlavə edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bu mərhələdə Omanla Hörmüz boğazı ilə bağlı aparılan danışıqlarda rüsumların alınması məsələsi müzakirə edilməsə də, dənizdə xidmət göstərildikdə bunun xərcləri də ödənilməlidir.
“Hörmüz boğazında gəmilərin hərəkət marşrutu ilə bağlı Omanla danışıqlarda anlaşma əldə olunub. Birgə bəyanatla bağlı isə hələ də müzakirə olunan bəzi texniki məsələlər var. Bununla belə, danışıqlar rəvan və konstruktiv şəkildə davam edir”.
O vurğulayıb ki, dəniz blokadası İrana qarşı təcavüzün davam etdirilməsidir:
“Hörmüz boğazı Adəm peyğəmbərdən bu ilin martın 31-dək açıq olub. ABŞ dəniz blokadasını davam etdirdiyi şəraitdə Hörmüz boğazının açılması barədə fikir bildirmək üçün heç bir hüquqi əsas yoxdur”.
Bəqayi iddia edib ki, İran son 47 il ərzində bu boğaza nəzarət edən tərəf olub.