BAKI, 10 avqust. TELEQRAF

Almaniyanın "Bavariya" klubu hücumçusu Harri Keynlə müqavilə müddətini artırmağa hazırlaşır.

Teleqraf "The Times" nəşrinə istinadla xəbər verir ki, Münhen təmsilçisi 33 yaşlı futbolçu ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Yeni müqavilənin 2029-cu ilin yayına qədər nəzərdə tutulacağı gözlənilir. Keynin hazırkı sözləşməsi 2027-ci ilin iyununda başa çatacaq.

İngiltərə millisinin kapitanının yeni müqavilə ilə də illik təxminən 25 milyon avro məvacib alacağı bildirilir. Tərəflər əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Keyn daha əvvəl İspaniyanın "Barselona" klubunun maraq dairəsində olsa da, "Bavariya" onunla yollarını ayırmaq niyyətində deyil.

Harri Keyn 2023-cü ilin yayında İngiltərənin "Tottenhem" klubundan "Bayern"ə transfer olunub. Hücumçu Münhen klubunun heyətində indiyədək 146 qol vurub.