BAKI, 6 avqust. TELEQRAF

2026-cı ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci yarısının yekunlarına dair hesabatında qeyd edilib.

Hesabat dövründə Dövlət Neft Şirkətinə (SOCAR) verilən səmt qazının miqdarı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33,3% çox olub.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (19 300), Mərkəzi Azəri (88 000), Qərbi Azəri (73 300), Şərqi Azəri (45 000), Dərinsulu Günəşli (47 000), Qərbi Çıraq (24 000) və ACE (26 400) platformalarından birlikdə – gündə orta hesabla 323 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.

İyun ayının sonunda AÇG-də ümumilikdə 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.

Məlumata görə, 2026-cı ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat məsrəfləri və 733 milyon dollar əsaslı məsrəflər xərclənib.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı bu ilin birinci yarısında tamamlanıb.