BAKI, 6 avqust. TELEQRAF

“Yeni Konstitusiyanın qəbul edilməsi Ermənistanın siyasi öhdəliklərindən biridir və bunu yerinə yetirəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sözügedən mövzu ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Konstitusiya layihəsinin hazırlandığı heç kim üçün sirr deyil. Yeni Konstitusiyanın qəbulunun siyasi öhdəliklərimizdən biri olduğu da sirr deyil. Buna görə də biz verdiyimiz vədlərə sadiq qalır və onları həyata keçirməyə davam edirik. Mətn hazırda müzakirə mərhələsindədir, onun nə vaxt açıqlanacağı ilə bağlı isə hazırda heç nə deyə bilmərəm”, - o bildirib.

Qalyan bir daha qeyd edib ki, Ermənistan hökuməti yeni Konstitusiya qəbul etmək istəyir:

“Seçkiqabağı təşviqat dövründə dəfələrlə yeni Konstitusiyanın qəbul olunmasından danışmışdıq və xalq bizə etimad göstərərək səs verdi. Bu isə o deməkdir ki, biz Konstitusiyanın hazırlanması, sonradan dərc olunması və mətnin ictimaiyyətə təqdim edilməsi istiqamətində işimizi davam etdirməliyik”.

Konstitusiya mətninin nə vaxt dərc olunacağı ilə bağlı suala cavabında nazir vurğulayıb:

“Onun nə vaxt dərc olunmasının nə fərqi var? Dərc edilmədən onun qəbul edilməsi mümkün deyil. Nə vaxt dərc olunmasından asılı olmayaraq, sənəd geniş ictimai müzakirəyə çıxarılacaq və cəmiyyətlə birlikdə uzun və ətraflı şəkildə müzakirə ediləcək. Sizin suallarınızdan həmişə elə təəssürat yaranır ki, guya mətnin açıqlanmaması ilə bağlı hansısa gizli plan var. Xeyr, əzizlərim, həmin mətn dərc olunmadan qəbul edilə bilməz. Üstəlik, Konstitusiyada heç bir dəyişiklik bu, dərc olunmadan həyata keçirilə bilməz”.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə Konstitusiya dəyişiklikləri layihəsini referenduma çıxarmaq üçün lazım olan üçdə iki səs çoxluğuna malik olmaması ilə bağlı suala cavabında isə ədliyyə naziri söyləyib ki, onlar layihəni müəyyən olunmuş qaydada Milli Məclisə təqdim edəcəklər:

“Əgər parlament layihəni təsdiqləməsə, demokratiyanın xalqın öz iradəsini ifadə etmək hüququnun məhdudlaşdırıla bilməyəcəyini əsas götürən peşəkar yanaşmalar da var. Söhbət, xüsusilə, imzatoplama mexanizmindən gedir. Mən indi ehtimallar irəli sürmək istəmirəm. Mənim üçün ən yaxşı ssenari odur ki, Konstitusiyanın yeni mətni elə olsun ki, parlament ona razılıq versin. Mən heç bir ssenarini istisna etmirəm”.

Hikmət Hacıyev bundan əvvəl bildirmişdi ki, Ermənistanda yeni Konstitusiyanın qəbulundan sonra sülh sazişinin imzalanması üçün maneə qalmayacaq.