BAKI, 6 avqust. TELEQRAF

Fransada yaşayan Qənimət Zahid Fransa məhkəməsinin müəyyən etdiyi kompensasiyanı mənə tam ödəyib.

Bu barədə Teleqraf-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məlumat verib.

O, 2025-ci ilin oktyabrın 21-də Paris Cinayət Məhkəməsi tərəfindən Qənimət Səlim oğlu Zahidov barəsində hökm çıxarıldığını xatırladıb.

"Həmin hökmə əsasən o, Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab olunub və bu ölkədə cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilib.

Məhkəmə yekun qərarında bildirib ki, həmin şəxs barəsində məhkumluğun yaranması onun hansısa cəzaya məhkum edilməsindən daha vacibdir.

Azərbaycan tarixində ilk dəfədir ki, xaricə sığınmış, Azərbaycan dövlətinə, Azərbaycan dövlət rəsmilərinə, Azərbaycanın ayrı-ayrı ictimai-siyasi xadimlərinə qarşı şər-böhtan atan, qara yaxan, həqiqətə uyğun olmayan fikir ifadə edən bəzi blogerlərdən biri olan Qənimət Zahid haqqında sığındığı ölkədə belə bir qərarın əldə olunmasına nail olunub".

Hüquq müdafiəçisi hesab edir ki, Fransa məhkəməsinin qərarı xaricdə yaşayan və böhtan xarakterli məlumatlar yayan şəxslərlə bağlı mühüm presedent formalaşdırır.

"Bundan sonra xaricdə yaşayıb Azərbaycan dövlətinə, dövlət rəsmilərinə və onların ailələrinə qarşı böhtan atan şəxslər biləcəklər ki, bu əməllərinə görə cəzasız qalmayacaqlar. 2019-cu ildə başlatdığım ədalət mühakiməsi prosesi 2025-ci ilin oktyabrın 21-də uğurla sona çatdı. Prosesin uzun müddət çəkməsi pandemiya ilə əlaqədar oldu. Hökmlə bağlı Qənimət Zahidov həm Fransa qanunları ilə cəzalanaraq orada cərimə ödəməli olub, həm də mənə dəymiş maddi və mənəvi zərərlərə görə o kompensasiya ödəmək öhdəliyi onun boynuna qoyulub. Qənimət Zahid məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirməyə cəhd edirdi. Hətta beynəlxalq jurnalist təşkilatlarını da bu prosesə cəlb etməyə çalışırdı. Lakin Fransa məhkəməsi işi yalnız təqdim olunan sübutlar və qanunvericilik çərçivəsində qiymətləndirdi və hüquqi qərar qəbul etdi. Qənimət Zahid qərarın da icrasından yayınmaq istəyirdi. Fransadakı vəkillərimin səyi, bacarığı və qanuna hörmət edən şəxslər kimi onların vəkillərinin də təzyiqi nəticəsində Qənimət Zahid Fransa məhkəməsinin çıxardığı zərərin ödənilməsi ilə bağlı kompensasiyaları iki gün öncə tam ödəyib. Məqsədim bu cür insanları sığındıqları ölkələrdə cəzalandırmaq idi və buna da nail oldum".