BAKI, 6 avqust. TELEQRAF

2026-cı ilin ilk altı ayında "Səngəçal" terminalından təxminən 97 milyon barel neft və kondensat ixrac edilib.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci yarısının yekunlarına dair hesabatında qeyd edilib.

Terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.