BAKI, 6 avqust. TELEQRAF

2026-cı ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 75 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar vəsait yönəldilib.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci yarısının yekunlarına dair hesabatında qeyd edilib.

2006-cı ilin iyununda istismara verildikdən 2026-cı ilin iyunun sonunadək boru kəməri vasitəsilə ümumilikdə 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk altı ayda BTC vasitəsilə ixrac olunan təqribən13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

1 iyul 2026-cı il tarixindən BTC boru kəmərinin operatorluğu, həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar ümumi fəaliyyətlərin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.