BAKI, 6 avqust. TELEQRAF
“Rusiya rəsmiləri Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında yaranmış vəziyyətə dair şərh verməyə davam edirlər”.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.
O bildirib ki, təşkilatla İrəvan arasında hansısa münaqişə yoxdur və bu məsələnin 2020-ci ildən bəri baş verən hadisələrlə əlaqələndirilməsi əsassızdır.
Ermənistanın təşkilatın büdcəsinə ödənişləri dondurması və yaranmış borclarına toxunan Vasilyev qeyd edib ki, bu məsələ noyabrın 11-də Moskvada keçiriləcək KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında müzakirə olunacaq.
“Hər bir halda, (keçmiş) Qarabağ münaqişəsinin KTMT ilə heç bir əlaqəsi olmayıb və İrəvan bunu bilir. Əlbəttə, biz xalqlarımızın həyatlarının və talelərinin təkcə onilliklər deyil, əsrlər boyu bir-biri ilə sıx bağlı olduğunu nəzərə alaraq, Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərinin qorunub saxlanılmasını istəyirik”, - o əlavə edib.
Ermənistanla NATO arasında əməkdaşlığın fəallaşmasına, xüsusilə də birgə hərbi təlimlərə də münasibət bildirən Rusiya rəsmisi vurğulayıb ki, Qərbin İrəvanı KTMT müttəfiqlərindən uzaqlaşdırmaq cəhdləri ölkənin uzunmüddətli təhlükəsizlik maraqlarına uyğun deyil.