ŞIMKENT, 16 iyun. TELEQRAF

Bakı-Şımkent-Bakı reysi Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq.

Teleqraf-ın Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Onun sözlərinə görə, mülki aviasiya unikal bir missiyanı yerinə yetirir: "O, şəhərləri və ölkələri birləşdirir, iqtisadiyyatın və biznesin inkişafına təkan verir, dövlətlər və xalqlar arasında hava körpüləri quraraq insanların bir-birinə yaxınlaşmasına kömək edir. Bakı-Şımkent-Bakı reysi Azərbaycan və Qazaxıstan – çoxəsrlik tarixi, mədəni və insani tellərlə bağlı olan iki qardaş dövlət arasında dostluq və əməkdaşlığın növbəti rəmzi olacaq. Yeni reysin məhz Qazaxıstanın ən mühüm iqtisadi, mədəni və işgüzar mərkəzlərindən biri sayılan, dinamik inkişaf edən və ölkə həyatında əhəmiyyətli rol oynayan Şımkent şəhərinə açılması xüsusilə rəmzi məna daşıyır".

O əlavə edib ki, Şımkent AZAL-ın marşrut şəbəkəsində Qazaxıstanın dördüncü şəhəri olub: "Bu gün Bakıdan Astana, Almatı və Aktau şəhərlərinə müntəzəm birbaşa uçuşlar həyata keçiririk və artıq bu siyahıya Şımkent də əlavə olunur. Əminik ki, Bakı ilə Şımkent arasında birbaşa hava əlaqəsinin açılması ölkələrimiz arasında turizm, işgüzar və humanitar əlaqələrin daha da inkişafına töhfə verəcək. Bu, Azərbaycan vətəndaşları üçün Şımkentin və bütün Cənubi Qazaxıstanın zəngin tarixi, mədəniyyəti və turizm potensialı ilə yaxından tanış olmaq üçün gözəl fürsətdir".