BAKI, 27 aprel. TELEQRAF
Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyun aylarında daha artıq su həcminin daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq aprelin 13-dən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, aprelin 17-dən isə 700 kubmetr suyun buraxılması qərara alınıb.
Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunub.
Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri artıb, həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrini və örüş torpaqlarını su basıb.
Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan Komissiyanın 23 aprel 2026-cı il tarixində keçiririlən iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.
Aprel 24-dən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilən nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir.