BAKI, 24 aprel. TELEQRAF
2026-cı ilin yanvar-fevral ayları ərzində dövlət satınalmaları üzrə müsabiqələrdə qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 247 protokol ləğv olunub.
Bu barədə Teleqraf-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ləğv olunan protokol sayının ümumi protokol sayında xüsusi çəkisi 24% təşkil edib.
Protokolların 79-u təchizatçının sorğusunun göstərilən müddətdə cavablandırılmaması və ya satınalma predmetinin təsvirinə dair tələblərin natamam olması, 78-i təchizatçının şərtlər toplusunun tələblərinə tam cavab verməməsi, 65-i portalda çatdırılma müddəti və satınalma prosedurunun yekunlaşdığı müddət arasında uyğunsuzluğun aşkarlanması, 13-ü şərtlər toplusunun qanunvericiliyin tələblərinə uyğun formalaşdırılmaması, 10-u satınalmada iştirak edən təchizatçı sayının üçdən az olması, 2-si isə digər prosedur qaydalarının pozulması səbəbindən ləğv edilib.