BAKI, 15 sentyabr. TELEQRAF

Bu günə qədər 8018 ailənin mənzil şəraiti yaxşılaşdırılııb ki, bunun da 1761-i cari ildə bağlanmış müqavilələrin payına düşür.

Bu barədə Teleqraf-a İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Bildirilib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.