BAKI, 9 sentyabr. TELEQRAF
Hesablama Palatası tərəfindən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində aparılan audit zamanı Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı isə kassa sənədləşdirilməsi aparılmadığı üzə çıxıb.
Teleqraf Hesablama Palatasına istiandən xəbər verir ki, 2023-cü ildə 593 436 manat, 2024-cü ildə isə 919 950 manat həcmində pul vəsaitləri kassa kitabı, kassa mədaxil və məxaric orderləri, digər təsdiqedici sənədlər olmadan toplanıb. Toplanmış vəsaitin 78%-i sürücülərə qeyri-rəsmi qaydada əlbə-əl verilmiş, 22%-i isə xəzinədarlar tərəfindən ödəmə terminalı vasitəsi ilə Agentliyin bank hesabına mədaxil edilib.
Bundan əlavə, 580 ədəd şəhərlərarası avtobus biletinin kəsir hissəsi olan 3 828 manat Agentliyin bank hesabına tam şəkildə bərpa edilib.
Agentliyin icarəyə verdiyi 18 nəqliyyat vasitəsindən isə 20 088 manat dəyərində ehtiyat hissələri icarəçi tərəfindən təmir xərcləri qarşılanmalı olduğu halda, Agentliyin anbarından silinib.
Eyni zamanda, elektrobuslar üçün alınmış charger aparatlarının 5 ədədi hələ də istifadəsiz anbarlarda saxlanılır. Xatırladaq ki, bu avadanlıqların zəmanət müddəti 2024-cü ilin aprel ayında başa çatıb. 2024-cü ildə isə əlavə 10 ədəd charger aparatı alınaraq anbara əlavə edilib ki, bu da ehtiyacın düzgün qiymətləndirilmədiyinin göstəricisidir.