BAKI, 22 iyul. TELEQRAF
2025-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrasında artım müşahidə olunub.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə , təhsil sahəsinə 2472,6 milyon manat vəsait yönəldilib ki, bu da 120,0 faiz icra səviyyəsinə uyğun gəlir. Kənd təsərrüfatı xərcləri 117,2 faiz və ya 588,8 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri isə 110,9 faiz və ya 2198,1 milyon manat təşkil edib.
Müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldilən vəsait 109,9 faiz və ya 3850,1 milyon manat olub. Ümumi dövlət xidmətləri üçün 2163,7 milyon manat (98,6 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üzrə isə 1285,5 milyon manat (96,5 faiz) vəsait xərclənib.
Səhiyyə sahəsinə 792,6 milyon manat (95,3 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti kimi fəaliyyətlərə isə 244,2 milyon manat (94,1 faiz) ayrılıb. İqtisadi fəaliyyət üzrə xərclər 2716,9 milyon manat (77,7 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə isə 571,7 milyon manat (72,5 faiz) təşkil edib.
Ətraf mühitin mühafizəsinə 122,9 milyon manat (71,1 faiz), mənzil və kommunal təsərrüfata isə 88,5 milyon manat (57,4 faiz) vəsait ayrılıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin ilk yarısında müdafiə və milli təhlükəsizlik xərcləri 26,3 faiz və ya 802,5 milyon manat artaraq ən yüksək artım tempini göstərib. Mədəniyyət və informasiya sahələrinə ayrılan vəsait 22,2 faiz (44,4 milyon manat), kənd təsərrüfatına ayrılan vəsait isə 19,9 faiz (97,8 milyon manat) artıb.
Eyni zamanda, məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılan vəsait 10,7 faiz (124,5 milyon manat), təhsil xərcləri 10,4 faiz (233,5 milyon manat), sosial müdafiə və sosial təminat sahəsinə yönəldilən vəsait isə 5,1 faiz (106,6 milyon manat) artım göstərib.