BAKI, 22 oktyabr. TELEQRAF

“TRIPP marşrutunun əsas infrastrukturlarına - avtomobil yoluna, dəmir yoluna və elektrik ötürücü xətlərinə dair ilkin layihələr yaxın gələcəkdə ictimai müzakirəyə çıxarılacaq. Bundan sonra daha ətraflı layihələndirmə işlərinə başlanılacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bu gün hökumətin iclasında Mehriyə səfərinin nəticələri barədə danışarkən deyib.

Qriqoryanın sözlərinə görə, dəmir yolu ilə bağlı hər şey aydındır: “Sadəcə tunellər və digər qurğuların vəziyyətini yenidən qiymətləndirmək lazım olub. Yaxın vaxtlarda layihələndirmə işlərinə başlanılacaq. Elektrik ötürücü xətlərinin çəkilişi ilə bağlı da bir çox məsələlər aydındır. Avtomobil yolu isə müzakirə tələb edir, çünki onun üzərində çətin keçilən ərazilər var. Bu məsələni həll etməliyik ki, yol daşımalar üçün rəqabətqabiliyyətli olsun”.

Baş nazirin müavini qeyd edib ki, bu üç istiqamət üzrə layihələndirmə işlərinə “TRIPP Development Company” şirkətinin formalaşmasını gözləmədən başlamaq mümkündür: “Söhbət həmin infrastrukturları idarə edəcək Ermənistan-Amerika birgə müəssisəsindən gedir. Daha sonra görülən işlərin nəticələri şirkətə təhvil veriləcək”.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da xatırladıb ki, TRIPP ilə bağlı saziş bir gün əvvəl parlamentin Xarici Əlaqələr Komitəsində müzakirə olunub. Onun sözlərinə görə, sənədin bir həftə sonra parlamentin plenar iclasında nəzərdən keçirilməsi gözlənilir.

Mirzoyan əlavə edib ki, Ermənistan-Amerika birgə şirkətinin yaradılması prosesi yekun mərhələdədir.