BAKI, 22 oktyabr. TELEQRAF
“TRIPP layihəsinin icrası çərçivəsində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi işçi qrupu Sünikə səfər edərək dəmir yolu, avtomobil yolu və enerji infrastrukturlarının layihələndirilməsi məsələlərini yerində araşdırıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Hökumət başçısı ölkənin iqtisadi dayanıqlığının artırılması baxımından regional kommunikasiyaların mümkün qədər tez açılmasının vacibliyini vurğulayıb: “İqtisadi dayanıqlığımızı artırmaq baxımından regional kommunikasiyaların mümkün qədər tez açılmasına nail olmağımız çox vacibdir”.
Paşinyan xatırladıb ki, parlamentdə Ermənistanla ABŞ arasında TRIPP layihəsi ilə bağlı imzalanmış sazişin ratifikasiyası prosesi başlayıb.
Paşinyan layihənin praktiki icra mərhələsinə daxil olduğunu bildirib: “İndi, mahiyyət etibarilə, layihənin praktiki icra mərhələsinə daxil olduğunu qeyd etməliyik”.
Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP Development Company yaradılmalıdır: “Hazırda şirkətin təsis edilməsinin yekun mərhələsindəyik. Şirkət yaradıldıqdan sonra görülmüş işlər, o cümlədən bizim töhfəmiz kimi, həmin şirkətə təhvil veriləcək”.