BAKI, 22 oktyabr. TELEQRAF
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Almaniya Federativ Respublikasının Federal Ədliyyə İdarəsinə müraciəti və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Nuriyev Elmir Elxan oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldatmaqla və onların etibarından sui-istifadə etməklə, onlara məxsus mənzilləri təmir edəcəyinə dair yalan vədlər verməsi və bu yolla xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Almaniya Federativ Respublikasının ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.
Hazırda Elmir Nuriyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.