BAKI, 22 oktyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyirik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri deyib.
O bildirib ki, dünən parlamentdə aparılan müzakirələr zamanı kommunikasiyaların blokdan çıxarılması və infrastrukturun açılması məsələləri ilə bağlı kifayət qədər müsbət yanaşma müşahidə olunub. Nazir qeyd edib ki, bu yanaşma təkcə parlamentin hakim qüvvələri ilə məhdudlaşmır.
“Dünən parlamentdə kommunikasiyaların blokdan çıxarılması və infrastrukturun açılması ilə bağlı aparılan müzakirələrə, mənim təəssüratıma görə, kifayət qədər müsbət münasibət var. Bu, təkcə hakim parlament qüvvələrinin mövqeyi deyil. Sülh sazişinə böyük maraq göstərilir.
Fürsətdən istifadə edərək bir daha bildirmək istəyirəm ki, sülh sazişinin mümkün qədər tez imzalanması hökumətimizin siyasi öhdəliyidir. Bu sənədin ən qısa zamanda imzalandığını görmək istəyirik”, - Ermənistan xarici işlər naziri vurğulayıb.