İSRAİL, 22 oktyabr. TELEQRAF
Azərbaycan və Qazaxıstandan olan birgə nümayəndə heyəti İsrailə səfər çərçivəsində innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkət və qurumlarla görüşlər keçirib.
Teleqraf-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ben-Qurion Universitetinin (BGU) baş elmi tədqiqatçısı Maykl Fayr heyətlə süni intellektin təhlükəsizliyi sahəsində apardıqları araşdırmalardan, xüsusilə böyük dil modellərinin (LLM) müxtəlif üsullarla manipulyasiya edilməsindən danışıb.
Tədqiqatçı böyük dil modellərinin təhlükəsiz və nəzakətli cavablar vermək üçün hazırlansa da, “jailbreaking” üsulları ilə onların təhlükəsizlik məhdudiyyətlərini aşmağın mümkün olduğunu bildirib. Qeyd edib ki, rol oyunları, məlumatların gizlədilməsi və sorğuların mərhələli şəkildə verilməsi kimi üsullarla bu modelləri zərərli tapşırıqları yerinə yetirməyə yönləndirmək mümkündür.
Tədqiqatçı süni intellektin müxtəlif sənaye sahələrində tətbiqinin genişləndiyini diqqətə çatdıraraq, bu sahədə effektiv tənzimləmələrin yaradılmasının, məlumatların qorunmasının və güclü kibertəhlükəsizlik tədbirlərinin təmin edilməsinin mühüm çağırış olaraq qaldığını qeyd edib.
Nümayəndə heyəti İsrailin Kompüter Fövqəladə Hallara Müdaxilə Qrupuna (CERT-IL) səfər zamanı qurumun ölkənin mülki kiberməkanında baş verən insidentlərin idarə olunması ilə bağlı fəaliyyəti ilə tanış olub.
Burada iştirakçılara bildirilib ki, Beer-Şeva şəhərindəki yüksək texnologiyalar parkında yerləşən CERT-IL yerli və beynəlxalq tərəfdaşlardan hər gün kiberhücum cəhdləri və təhdidlərlə bağlı yüzlərlə məlumat və müraciət qəbul edərək onları araşdırır.
CERT-IL İsrailin Milli Kiberdirektorluğunun (INCD) əməliyyat bölməsinin tərkibinə daxildir. Dövlət qurumu olan direktorluq ölkənin kiberməkanının qorunması üzrə fəaliyyət göstərir.
CERT-IL-in 119 qaynar xətti sutkada 24 saat, həftənin yeddi günü xidmət göstərir. Xətt vasitəsilə fərdlərə və təşkilatlara qarşı həyata keçirilən kiberhücumların, o cümlədən məlumatların şifrələnməsi ilə müşayiət olunan hücumların (ransomware), fişinqin, zərərli proqram təminatının yayılmasının və DDoS hücumlarının qarşısının alınması və təsirlərinin azaldılması istiqamətində tədbirlər görülür.
“Cyber7” təşkilatında görüş zamanı icraçı direktor Daniel Martin İsraildə kibertəhlükəsizlik ekosisteminin sürətli inkişafından danışıb.
O, İsraildə hərbi sektorla özəl sektor arasında mövcud olan sıx əməkdaşlığın və birbaşa əlaqələrin yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildirib.
Daniel Martin İsrailin kibertəhlükəsizlik paytaxtı kimi müəyyənləşdirilən Beer-Şeva şəhərinin strateji əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, hərbi texnologiya bölmələrinin şəhərə köçürülməsi, universitetlərdə kibertəhlükəsizlik üzrə tədqiqat mərkəzlərinin yaradılması, eləcə də hökumətin imkanları ilə özəl sektorun potensialını birləşdirən Cyber7 kimi dövlət-özəl tərəfdaşlıq təşəbbüslərinin həyata keçirilməsi bu sahənin inkişafına töhfə verir.
Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycandan 7, Qazaxıstandan 10, Qırğızıstandan isə 1 nəfər olmaqla, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən ümumilikdə 18 mütəxəssis daxildir.