Bakı şəhəri Binəqədi rayonu, Ağa Nemətulla küçəsi, ev 13 ünvanında yerləşən, eləcə də rayonun Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Teleqraf xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması ilə 15.04.2025-ci ildə elan etdiyi müsabiqə ilə bağlı "ARCHİCO PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalanıb.

Söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanmasına bu ayın 20-dən başlanılıb. Noyabr ayına qədər prosesin yekunlaşdırılması planlaşdırılıb. Bunun üçün şirkətə 7.717 manat ödənilib. Tenderin ehtimal edilən qiyməti 16 min manat olub.

Maraqlıdır ki, istismar müddəti bitmiş qəzalı binanın söküntü işlərinin təşkili ilə bağlı Ərazi Tikinti-Planlaşdırma eyni vaxtda daha bir tender də keçirib. İlkin dəyəri 64 min manat olan bu satınalma üzrə də "ARCHİCO PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalanıb. Tərəflər 27.730 manata razılaşıblar.

Bu müqaviləyə əsasən də Bakı şəhəri Sabunçu rayonu, Frunze küçəsi, ev 16 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina, eləcə də rayonun 6-cı Mədən küçəsi, ev 38 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina, Məmmədəliyev küçəsi, ev 32 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina, eləcə də, Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək. İşlərin başlama tarixi bu ay, yekunlaşdırılması isə noyabr müəyyən edilib.

Qeyd edək ki, şirkətin sahibi Zəmina Musayevadır. MMC-nin cəmi 10 manat nizamnamə kapitalı var.