BAKI, 24 iyun. TELEQRAF
"Azərbaycanda elektron ticarət dünya ilə müqayisədə zəif inkişaf edib. Fərqli mənbələrə görə, ölkədə elektron ticarətin yayılma səviyyəsi 10-15% civarındadır. Çin və Böyük Britaniya kimi ölkələrdə bu rəqəm 35-40%-dir".
Teleqraf xəbər verir ki, bu barədə Visa-nın MDB və Cənub-Şərqi Avropa Regionunda (CISSEE) Fintex və İnnovasiyalar üzrə rəhbəri Yevgen Lisnyak “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı deyib.
O qeyd edib ki, elektron ticarət dünyada sürətlə inkişaf edir – hazırda onun qlobal bazar dəyəri 5-6 trilyon dollar civarındadır və illik orta artım tempi 9-10%-dir:
“Qlobal ticarətdə elektron ticarətin payı da artır və bu gün təxminən 20%-ə çatır.
Hazırda elektron ticarət sahəsində əsas tendensiyalardan biri mobil ticarətdir – getdikcə daha çox insan alış-verişi mobil tətbiqlər vasitəsilə edir. Azərbaycanda da bir çox brend və şirkət mobil təcrübəyə ciddi vəsait yatırır.
Visa olaraq biz də bu sahənin inkişafına texnologiyalarla dəstək veririk. Məsələn, “Click2Pay” və “FastKey” kimi həllər sayəsində istifadəçilər rahat və sürətli alış-veriş edə bilir. “CyberSource” texnologiyası ilə çox qısa zamanda onlayn satış sistemini qurmaq mümkündür. “Tap to Phone” texnologiyası isə kiçik və orta bizneslərin asanlıqla ödəniş qəbuluna başlamasına imkan verir.
Digər mühüm tendensiya isə omni-kanal yanaşmadır – müştərilərlə bir neçə kanalda – onlayn, oflayn, sosial şəbəkələrdə eyni vaxtda əlaqə saxlamaq vacibdir. Bu çərçivədə sosial ticarət (Instagram, TikTok və s. üzərindən satış) da güclənməkdədir və bu istiqamətdə artım davam edir”.
Y.Lisnyak bildirib ki, dünyada artmaqda olan digər bir tendensiya sürətli ticarətdir (quick commerce):
“Azərbaycanda bu sahə dönüş nöqtəsindədir, çünki elektron ticarətin inkişafı üçün əsas amil infrastrukturdur. Bu zaman iki şeyi nəzərdə tuturuq: internetə çıxış və logistika.
Bakı şəhərində infrastruktur yaxşıdır, amma regionlarda internet və logistika baxımından çatışmazlıqlar qalır. Buna görə də, sürətli ticarətin inkişafı üçün bu sahələrdə təkmilləşmə vacibdir. Kim bu sahədə rahat və sürətli alış-veriş imkanı yaratsa, bazarda üstünlük qazanacaq.
Digər bir tendensiya səsli ticarətdir (voice commerce). Məsələn, ABŞ-də istifadəçilərin 50%-dən çoxu gündəlik olaraq səsli köməkçilərdən istifadə edir və bu, tədricən alış-veriş təcrübəsinə də daxil olur.
Azərbaycanda nağd ödəniş hələ də üstünlük təşkil edir.Eləcə də onlayn xidmətlərə inam aşağıdır. Hökumət və Mərkəzi Bank bu sahədə passiv deyil. “Online Azərbaycan” proqramı ölkə üzrə internetə çıxışı artırmağa yönəlib – artıq 86% bölgələr əhatə olunub. 2023-cü ildə yeni “Ödəniş xidmətləri” qanunu qəbul olundu, 2024-cü ildə isə “sandbox” tətbiq edildi. Bu, beynəlxalq səviyyədə yaxşı təcrübə sayılır".