BAKI, 21 iyun. TELEQRAF

Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 183-cü Binə küçəsində təmir-bərpa işləri davam etdirilir.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə sözügedən küçənin uzunluğu 1700 metr, orta eni isə 6 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsi işləri yekun mərhələdədir.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binə qəsəbəsində yerləşən 137-ci Binə küçəsində də təmir işlərinin aparılması nəzərdə tutulur.