BAKI, 21 iyun. TELEQRAF

Dünyanın gündəminə çevrilən İran və İsrail münaqişəsi təkcə, siyasi və hərbi sabitliyi deyil, eyni zamanda iqtisadi prosesləri də mənfi yöndə təsirləndirir. Regionda artan qeyri-sabitlik, enerji və ticarət yolları üçün strateji əhəmiyyətə malik olan ərazilərdə vəziyyətin mürəkkəbləşməsi iqtisadi münasibətləri təhlükə altına salır. Yaxın Şərqdə baş verən proseslərin Azərbaycana təsirləri qaçılmazdır. Xüsusilə nəzər alsaq ki, İran Azərbaycanın idxalında mühüm yer tutur, qarşıdakı dövr üçün bu ölkədən məhsul gətirilməsi ləngiyə bilər.

Mövzunu Teleqraf-a şərh edən iqtisadçı-ekspert Samir Heydərov bildirir ki, İranda və ya onun sərhədlərində baş verə biləcək gərginlik loqistika və tranzit xətlərinin fəaliyyətinə mənfi təsir göstərir. Bu isə öz növbəsində daşımaların gecikməsi və bahalaşmasına, sığorta və təhlükəsizlik xərclərinin artmasına, nəticədə isə idxal məhsullarının qiymətində yüksəlişə səbəb ola bilər:

“Azərbaycana polietilen, mineral gübrələr, emal olunmamış alüminium, qranit plitələr, döşəmə örtükləri və digər sənaye məhsulları İrandan gətirilir. Əgər bu tədarük zənciri pozularsa, daxili bazarda alternativ idxal mənbələri ya baha başa gələcək, ya da gecikəcək. Əlavə olaraq, Azərbaycana idxal olunan kartofun 30 faizi İrandan gəlir. Eyni zamanda, xurma, badımcan, pomidor, kərə yağı, soğan, ədviyyat qarışıqları, portağal, peçenye və qənnadı məhsulları kimi məhsulların da idxalı son dövrlərdə artmaqdadır,”-deyə ekspert bildirib.

Ekspertin diqqət yetirdiyi başqa bir risk amili isə Hörmüz boğazının bağlanması ehtimalıdır:

“Münaqişə regionunda xüsusilə Hörmüz boğazının bağlanması riskinin artması fonunda enerji qiymətləri kəskin arta bilər ki, bu da istehsal və nəqliyyat xərclərini artıra bilər. Nəticə etibarilə, idxal məhsulları bahalaşa bilər.”

Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata görə, 2024-cü ildə İran İslam Respublikası ilə ticarət dövriyyəsi 600 milyon ABŞ dolları həcmində olub ki, bu da 2023-cü illə müqayisədə 33,5 faiz çoxdur. Hesabat ilində Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Cari ilin yanvar-may aylarında isə Azərbaycandan İrana 6 milyon 86 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır. İxrac, ümumi ixracın 0,06%-ni təşkil edib.

Cənub qonşumuzdan idxal edilən məhsullar isə ötən ilin eyni dövrünə nisbətdə 8,54 faiz artaraq 251 milyon 878 min ABŞ dollar dəyərində olub. Bununla da, İran məhsullarının ümumi idxalda payı 2,53%-ə yüksəlib. Qonşu ölkədən Azərbaycana, əsasən quş əti, dondurulmuş balıq, süd və süd məhsulları, meyvə- tərəvəz, çay, qənnadı məmulatları, tikinti materialları və sənaye məhsulları idxal olunub.

Azərbaycanın İsraillə xarici ticarət əlaqələrinə gəlincə, ötən il ölkəmiz ilə İsrail arasında ümumi ticarət dövriyyəsi 760,2 milyon ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 46 faiz azalma deməkdir. Bu ilin yanvar-may aylarında Azərbaycandan İsrailə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 65 dəfə azalaraq, 13 milyon 966 min ABŞ dollar təşkil edib. İdxalın dəyəri isə 10 milyon 880 min dollar olub. İxracın azalmasında əsas səbəb bu il ölkəmizdən İsrailə xam neft tədarükünün dayanması olub. Belə ki, bu ildən fərqli olaraq 2024-cü ilin yanvar-may aylarında İsrailə 903 milyon 392 min ABŞ dolları dəyərində, 1 milyon 444 min 917 ton neft ixrac olunub. Bu göstərici ilə İsrail Azərbaycanın neft ixrac etdiyi ölkələr arasında ikinci yeri tutmuşdu.

Hətta 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanla İsrail arasında xarici ticarət dövriyyəsi 1 milyard 409 milyon dollar göstərilirdi. Bu da ölkəmizin ümumi xarici ticarətinin 4,55 faizini demək idi. İsrail ixracda İtaliya və Türkiyədən sonra 3-cü yerdə idi.

Yeri gəlmişkən, son gömrük statistikasında Azərbaycan neftinin ixrac edildiyi ölkələrin siyahısında İsrail yoxdur.