BAKI, 1 iyun. TELEQRAF

Ukrayna və Azərbaycan Rusiyadan kənar neft və qaz mənbələrinə çıxışın genişləndirilməsi istiqamətində Avropa üçün daha çox iş görə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.

O qeyd edib ki, Ukrayna artıq yeni Avropa qaz xəritəsinin bir hissəsinə, o cümlədən Trans-Balkan marşrutuna daxil olub:

“Bu marşrut vasitəsilə Xəzər qazı Avropanın enerji çatışmazlığı yaşayan regionlarına çatdırıla bilər.

Azərbaycan qazının bu dəhliz vasitəsilə ilk sınaq tədarükləri göstərir ki, bu ideya artıq reallığa çevrilməkdədir.

Ukrayna həmçinin Avropanın təxminən 30 milyard kubmetr tutuma malik ən böyük yeraltı qaz anbarlarını təklif edir. Bu anbarlar regional mövsümi ehtiyat bazası və bazarda tarazlaşdırıcı mexanizm kimi fəaliyyət göstərə, eyni zamanda yeni təchizat arxitekturasının mühüm hissəsinə çevrilə bilər.

Bu əməkdaşlıq bütün tərəflər üçün faydalıdır. Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirər, Ukrayna əsas tranzit və xidmət mərkəzi statusunu möhkəmləndirər, Avropa isə sabit və alternativ enerji mənbələrinə daha geniş çıxış əldə edər”.