BAKI, 1 iyun. TELEQRAF
Azərbaycanda dənizdə külək enerjisi çox perspektivli görünür. Dünya Bankının hesabatına görə, dayaz sulu külək enerjisi potensialı təxminən 35 giqavat təşkil edir. Bu isə bizim birlikdə çox işlər görə biləcəyimizi göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Niderland Krallığının əlaqələndirmə məsələləri üzrə xüsusi nümayəndəsi Bernard Kelkes Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.
"Qeyd etmək istədiyim bir məsələ də var: bir çox çıxışlarda dənizin altından keçən boru kəmərləri və kabel layihələrindən danışıldı. Təəssüf ki, qeyri-müəyyənlik artıq yeni normaya çevrilib. Bu isə öz növbəsində infrastrukturun, xüsusilə də dənizaltı infrastrukturun qorunmasını daha da vacib edir.
Bu sahə hələ tam təcrübə sahibi olmadığımız bir istiqamətdir, lakin biz Şimal dənizi ölkələri ilə birlikdə bilik və təcrübəmizi inkişaf etdirməyə çalışırıq. Bu bilik və təcrübəni bu region ölkələri ilə bölüşməyə də çox açığıq", deyə o əlavə edib.