BAKI, 1 iyun. TELEQRAF
Hörmüz böhranı nəticəsində qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən beşdə birinin pozulması, eləcə də ümumi təchizatın 13% azalması göstərdi ki, hazırda əsas prioritet təhlükəsiz və etibarlı təchizatın təmin edilməsidir.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.
O qeyd edib ki, bu kontekstdə, dəyər zəncirində baş verən sarsıntılar, tranzit marşrutlarının dəyişməsi və qeyri-müəyyənliyin artması fonunda Azərbaycanın strateji əhəmiyyəti artır:
“Xəzər dənizini sabit marşrutlar vasitəsilə Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi ilə birləşdirən Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də Xəzər regionunu Orta Dəhlizin əsas logistika və bağlantı mərkəzinə çevirən mühüm strateji aktor kimi çıxış edir.
Əgər XX əsrdə enerji gücü əsasən hasilat həcmləri ilə ölçülürdüsə, XXI əsrdə bu gücü müəyyən edən əsas amillər təhlükəsiz marşrutlar, bağlantı imkanları və, əlbəttə ki, etibarlı tərəfdaşlıqdır.
Azərbaycan hazırda strateji inkişafın yeni mərhələsinə qədəm qoyub. AÇG qeyri-səmt qaz layihəsi çərçivəsində ilk hasilatın başlanması bunun bariz nümunəsidir. 2027-ci ildə Qarabağ neft yatağının, 2029-cu ildə isə “Şahdəniz” yatağında kompressor layihəsinin, “Abşeron” yatağının tammiqyaslı işlənməsinin, “Ümid” layihəsinin ikinci mərhələsinin və “Bahar-Qumdəniz” qaz layihələrinin istismara verilməsi gözlənilir”.
Nazir əlavə edib ki, quruda və dənizdə həyata keçirilən kəşfiyyat layihələri, eləcə də SOCAR-ın Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı investisiyaları Azərbaycanın uzun illər ərzində etibarlı neft və qaz istehsalçısı və təchizatçısı rolunu davam etdirməsinə imkan verəcək.