BAKI, 1 iyun. TELEQRAF
Gürcüstanda elektrik istehsalının təxminən 80%-i hidroenerji mənbələrindən təmin olunur. Bu səbəbdən ölkə bərpa olunan enerji yönümlü istehsal modelinə malikdir.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini İnqa Pxaladze Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib:
Lakin qış aylarında elektrik çatışmazlığı yaranır və ölkə idxaldan asılı olur. Bu problemi həll etmək üçün hökumət investorları cəlb etməyə və bərpa olunan enerji istehsalını genişləndirməyə yönəlmiş aqressiv bir proqram həyata keçirir.
Bu yanaşma həm də regionu daha aktiv şəkildə əməkdaşlığa cəlb edir. Eyni zamanda enerji dayanıqlılığını və müstəqilliyini gücləndirəcək bir sıra mühüm layihələr müəyyən edilib".
İ.Pxaladze əlavə edib ki, Gürcüstan region ölkələri ilə birlikdə böyük strateji layihələrin hazırlanması və həyata keçirilməsini müzakirə edir:
"Məqsəd həm öz enerji balansını gücləndirmək, həm də qonşu ölkələrə lazım olduqda elektrik enerjisi ixrac etmək imkanını yaratmaqdır.
Bu çərçivədə yeni texnologiyalar, xüsusilə batareya saxlama sistemləri tətbiq olunur ki, bu da şəbəkənin sabitliyi üçün olduqca vacibdir. Elektrik şəbəkələri genişləndirilir, yeni yarımstansiyalar tikilir və sistemlər sərhədlərdən kənara çıxaraq regionun enerji təhlükəsizliyinə töhfə verir.
Bununla Gürcüstan həm də etibarlı tranzit ölkə rolunu daha da gücləndirir.
Ümumilikdə, bu böyük və iqtisadi cəhətdən səmərəli layihələr regionda elektrik təchizatı problemlərinin həllinə və qonşu ölkələr arasında daha geniş əməkdaşlığın başlanmasına xidmət edəcək".