BAKI, 1 iyun. TELEQRAF
TANAP, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum boru xətlərində olduğu kimi, elektrik ötürücü xətlərinə də keçəcək və bununla biz TANAP-ın elektrik versiyasını da həyata keçirəcəyik.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında deyib:
"Bu mövzuda çox güclü siyasi iradə var – həm Prezident İlham Əliyev, həm də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən. Buna görə də onların rəhbərliyi ilə bu layihəni də həyata keçirərək həm iki ölkənin təchizat təhlükəsizliyinə töhfə verəcəyik, həm də bölgəmizin, xüsusilə Cənub-Şərqi Avropanın elektrik təchizat təhlükəsizliyinə yaşıl enerji ilə dəstək olmuş olacağıq”.
Nazir əlavə edib ki, Türkiyənin çox mühüm təbii qaz ehtiyacı var, təxminən 60 milyard kubmetrə yaxın istehlakı var:
"Bunun bir hissəsini biz öz mənbələrimizlə, xüsusilə Sakarya qaz yatağındakı istehsalımızla qarşılamaq istiqamətində ciddi addımlar atmışıq. 2028-ci ildə istehsalımız illik təxminən 17 milyard kubmetrə çatacaq.
Amma hələ də Türkiyənin təbii qaza ehtiyacı var. Burada bizim etibarlı təchizatçılara ehtiyacımız var. Ən mühüm etibarlı təchizatçılarımızdan biri Azərbaycandır".