BAKI, 1 iyun. TELEQRAF

İndoneziya neft, xam neft məhsulları və LNG istehsalında kəsirlə üzləşib. Çünki daxili istehlak yerli istehsalı üstələyir. Buna görə də müxtəlif ölkələrdən investisiya və əməkdaşlıq tələb olunur.

Teleqraf xəbər verir ki, bu barədə İndoneziyanın Enerji və Mineral Ehtiyatlar Nazirliyinin Neft və qazın kəşfiyyatı və hasilatı sektoru üzrə biznesin İnkişafı Direktoru Ariana Soemanto Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.

O qeyd edib ki, İndoneziyada təxminən 128 hövzə mövcuddur, onlardan 20-si artıq istehsaldadır, lakin təxminən 100 hövzə hələ işlənməyib. Bu isə neft və qaz kəşfiyyatı üçün böyük imkanlar yaradır:

"İki həftə əvvəl İndoneziya hökuməti 100-dən çox potensial yeni neft və qaz blokunu da istifadəyə açdı. Eyni zamanda dövlət həm də seysmik tədqiqatlar və geoloji araşdırmalar kimi kəşfiyyat işlərinə də sərmayə qoyur ki, yeraltı məlumatların keyfiyyəti artsın.

Bu, həm regional, həm də qlobal investorlar üçün neft və qaz sektoruna investisiya imkanlarını genişləndirir.

Aşağı axın (downstream) neft-qaz sektorunda da xam neft, emal məhsulları və LNG idxalına ehtiyac var. Bildiyiniz kimi, biz də keçən il Azərbaycan daxil olmaqla bir sıra ölkələrdən, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi tərəfdaşlardan müəyyən həcmdə idxal etmişik.

Ona görə də enerji təhlükəsizliyini təmin etmək üçün qlobal əməkdaşlıq olduqca vacibdir".