"Trans-Anadolu və Trans-Adriatik marşrutları üzrə mövcud infrastrukturda əhəmiyyətli ehtiyat ötürmə gücü mövcuddur. Trans-Anadolu Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin hələ də 40 %-dən çoxu istifadə olunmur".
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.
O qeyd edib ki, Türkiyə üzərindən keçən boru kəmərləri ilə bağlı da müxtəlif platformalarda dəfələrlə müzakirələr aparılıb:
“Bu gün mövcud infrastrukturdan tam istifadə olunsa, gündəlik 1,5 milyon barrel neft nəqli imkanları yaradıla bilər.
Bundan başqa, nisbətən kiçik investisiyalar hesabına bu gücü daha da artırmaq mümkündür. Məsələn, İraq–Türkiyə boru kəmərinin Kərkükdən Bəsrəyədək uzadılması layihəsi tam ötürmə gücündən istifadə etməyə imkan verə bilər. Bunlar inkişaf etdirə biləcəyimiz konkret layihələrdir.
Eyni zamanda həm boru kəmərləri, həm də elektrik enerjisi sahəsində yeni bağlantı layihələrinə investisiya yatırmaq mümkündür.
Məsələn, bu gün səhər də qeyd edildiyi kimi, Prezident İlham Əliyevin çıxışında toxunduğu Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik bağlantısı layihəsi gələcəkdə Avropa və Mərkəzi Asiyanı birləşdirən geniş enerji şəbəkəsinin formalaşmasına xidmət edə bilər. Bu layihə müəyyən mənada qaz sahəsindəki beynəlxalq dəhlizlərin elektrik enerjisi üzrə analoquna çevrilə bilər.
Beləliklə, beynəlxalq enerji bağlantılarının ötürmə gücünü artırmaq mümkündür. Lakin bunun üçün əsas şərt güclü siyasi iradə, qəti öhdəlik və uyğun mühit yaradan güclü liderlikdir. Məhz bu amillər belə layihələrin uğurla həyata keçirilməsini təmin edə bilər”.