Türkiyə 2035-ci ilə qədər günəş və külək enerjisi üzrə ümumi gücümüzü 120 giqavata çatdırmağı hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində nazirlərin dialoqu zamanı çıxışında deyib.

O qeyd edib ki, bu planlara 5 giqavatlıq dənizüstü külək elektrik stansiyalarının yaradılması da daxildir.

“Bu qədər böyük enerji gücünün şəbəkəyə təhlükəsiz və dayanıqlı şəkildə inteqrasiyası üçün genişmiqyaslı ötürmə infrastrukturu investisiyaları tələb olunur. Bu məqsədlə Türkiyə elektrik şəbəkəsinin geniş modernləşdirilməsini planlaşdırır. Yol xəritəmizə 40 giqavat ötürmə gücünə malik təxminən 15 min kilometr HVDC xəttinin və əlavə 15 min kilometr ənənəvi AC xəttinin tikintisi daxildir.

Bu yaşıl enerji ötürmə infrastrukturu üçün tələb olunan ümumi investisiya təxminən 28 milyard ABŞ dolları təşkil edəcək. Enerji keçidinin maliyyələşdirilməsindən danışarkən məhz bu miqyasda investisiyalar nəzərdə tutulur.

Biz eyni zamanda yerli sənaye imkanlarımızı da inkişaf etdiririk. Bu gün Türkiyədə günəş enerjisi avadanlıqlarının lokallaşdırma səviyyəsi 75 faizə, külək enerjisi komponentlərinin lokallaşdırma səviyyəsi isə 70 faizdən çoxa çatıb. Tender modellərimizi, institusional təcrübəmizi və sənaye biliklərimizi qonşu ölkələrlə bölüşməyə tam hazırıq".