Mərkəzi Asiya tarixi dönüş nöqtəsində dayanır. Regionun nəhəng bərpa olunan enerji potensialının reallaşdırılması enerji keçidi hədəflərinə nail olmaq üçün son dərəcə vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində nazirlərin dialoqu zamanı çıxışında deyib.

O qeyd edib ki, bunun üçün böyük həcmdə investisiyalara ehtiyac var:

"İnvestisiyaların cəlb olunması üçün enerji infrastrukturunun gücləndirilməsi və proqnozlaşdırıla bilən tənzimləyici mühitin yaradılması vacibdir. Türkiyə bu transformasiyanın sadəcə müşahidəçisi deyil. Biz yeni enerji arxitekturasının qurulmasında fəal iştirak edirik. Ötən mart ayında ölkəmizin ümumi quraşdırılmış enerji gücü 125 giqavatı ötüb və daha əvvəl də qeyd edildiyi kimi, bunun 60 faizdən çoxu bərpa olunan enerji mənbələrinin payına düşür.

Külək və günəş enerjisi sahəsində keçdiyimiz yol cəsarətli siyasətin nələrə qadir olduğunu göstərir. Son iyirmi ildə külək və günəş enerjisi üzrə ümumi gücümüz demək olar ki, sıfır səviyyəsindən 41 giqavatdan çox səviyyəyə yüksəlib.Ötən ilin mart ayında aylıq elektrik enerjisi istehsalımız təxminən 30 teravat-saat olub və bunun üçdə ikisi bərpa olunan mənbələr hesabına təmin edilib".