BAKI, 1 iyun. TELEQRAF
Azərbaycanın iri həcmli bərpa olunan enerji layihələrinin həyata keçirilməsi nəticəsində 2035-ci ilə qədər ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.
O qeyd edib ki, bu siyasət regional tərəfdaşlıqların genişləndirilməsinə və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib. Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi ilə yanaşı, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan yaşıl enerji bağlantıları üzrə də intensiv işlər aparılır:
“Biz Trans-Xəzər Yaşıl Enerji Dəhlizini bütün bu təşəbbüsləri birləşdirən vahid strateji platformanın əsas həlqəsi və Mərkəzi Asiya–Azərbaycan–Türkiyə enerji körpüsünün təməl sütunlarından biri kimi qiymətləndiririk.
Bu layihələr eyni zamanda rəqəmsal bağlantılar, fiber-optik infrastruktur və geniş iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Başqa sözlə, yaşıl enerji dəhlizləri gələcəyin formalaşmaqda olan geo-iqtisadi xəritəsini müəyyənləşdirir. Bütün bunlar Azərbaycanın yaşıl enerji gündəliyinin həyata keçirilməsinə sadiq qaldığını bir daha təsdiqləyir. Bu gün təqdim olunacaq Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədi 7 (SDG 7) üzrə Yol Xəritəsi də bu öhdəliyin növbəti aydın göstəricisidir.
Bu yol xəritəsi Azərbaycanın enerji sisteminin gələcək inkişaf trayektoriyasını və onun dayanıqlı, iqtisadi cəhətdən səmərəli və aşağı karbonlu modelə keçidini hərtərəfli şəkildə əks etdirir”.