BAKI, 1 iyun. TELEQRAF

"2032-ci ildən mərhələli şəkildə 3,9 giqavat gücün ötürülməsini nəzərdə tutan Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasın cari ilin iyul ayında tamamlanacaq".

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.

O həmçinin bildirib ki, Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) maliyyələşdirdiyi Mərkəzi Asiya–Azərbaycan Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin may ayında başa çatdırılması planlaşdırılır.

Naxçıvan üzərindən keçən Azərbaycan–Türkiyə enerji qovşağı, eləcə də Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan–Avropa dəhlizi layihələri Azərbaycan və Türkiyənin strateji birliyi və liderliyi sayəsində artıq fəal mərhələyə daxil olub”, - deyə nazir qeyd edib.

O qeyd edib ki, beynəlxalq sülh və rifah üçün nəzərdə tutulan “Tramp marşrutu” Mərkəzi Asiya–Azərbaycan–Türkiyə–Avropa enerji arxitekturasının formalaşması üçün strateji zəmin yaradır:

"Xəzər regionunda yaranan geniş əməkdaşlıq imkanları bir daha göstərir ki, Bakı Enerji Həftəsi yeni təşəbbüslərin müzakirəsi və tərəfdaşlıqların qurulması üçün uzunmüddətli perspektivdə də mühüm platforma olaraq qalacaq".